Bir anda ortaya çıxır, ziqzaq şəklində hərəkət edərək hədəfə doğru irəliləyir və düşmən gəmisini vuraraq çox vaxt verilən tapşırığı uğurla yerinə yetirir... Ukraynanın Rusiya Donanmasına qarşı təşkil etdiyi Kamikadze İDP hücumları və onun əldə etdiyi uğur hərb sahəsində yeni bir doktrina anlamına da gəlir.
Ukraynanın İDP-lər ilə Rusiya Donanmasını hədəf alması, hətta Qara dənizdəki ən mühüm gəmilərini belə tənlikdən kənarda qoyması yaxın keçmişdə gündəm olub. Ancaq aradakı dövrdə xüsusilə Rusiya Müdafiə Nazirliyi Ukraynanın İDP-lər ilə təşkil etdiyi hücumları aradan qaldırdığını açıqladı. Bu vəziyyət təbii olaraq “Ruslar Kamikadze İDP-lərə qarşı həll yolu hazırlayıblar” fikrini də özü ilə gətirdi.

Digər tərəfdən, əvvəllər son dərəcə riskli yerlərdə bayraq nümayiş etdirən Rusiya gəmilərinin Ukrayna ünsürlərindən uzaqlaşması və öz ərazilərinə yaxın limanlardan geri çəkilməsi də diqqətdən yayınmayıb. Təqvimlər avqustun 4-nü göstərəndə xəbərlərə Rusiya Müdafiə Nazirliyinin açıqlamaları düşdü. Onlar Ukraynanın Kamikadze İDP hücumlarını bir daha “dəf etmişdilər”.
Bu açıqlamanın tüstüsü yayılarkən, Ukraynanın təqdim etdiyi görüntülər beynəlxalq agentliklərdə öz yerini aldı. Görüntülərə görə, Rusiyanın Qara dəniz sahilindəki Novorossiysk limanında Ukraynaya məxsus Kamikadze İDP desant gəmisinə düz ortadan çırpılmışdı və ona ciddi ziyan vurmuşdu. Səhər saatlarında sosial şəbəkələrdə yayılan görüntülər Ukraynanın haqlı olduğunu sübut etdi. Desant gəmisi yarımbatmış şəkildə yedəyə alınaraq limana doğru aparılırdı. Bu hadisənin əks-sədaları hələ də davam edərkən, Ukraynanın Kamikadze İDP-ləri bir daha səhnəyə çıxdı. Bu dəfə hədəf Kerç boğazında yanacaq daşıyan tanker idi. Kamikaze İDP bu gəmini də oyundan kənarlaşdırmışdı.
“USS Cole”dan Ukrayna hücumlarına...
Kamikadze İDP-lər və ya Silahlı İnsansız Dəniz Platformaları (SİDP) asimmetrik müharibə təhdidi kimi qəbul edilir. Ukrayna müharibəsində daha geniş şəkildə görünsə də, hər kəsin bu təhdidi ciddi qəbul etməsinin lazım olduğunu göstərən ilk nümunə illər əvvəl Yəməndə ortaya çıxdı. 2000-ci il oktyabrın 12-də Yəmənin Ədən limanında lövbər salan ABŞ-nin “USS Cole” esminesi “Əl-Qaidə” tərəfindən hücuma məruz qaldı.

Suüstü vasitəyə quraşdırılmış partlayıcı ilə həyata keçirilən kamikadze hücumunda 17 ABŞ dənizçisi həlak oldu, esminesə ciddi ziyan dəydi. Metodlar oxşar olsa da, bu gün gəlinən nöqtədə Ukraynanın istifadə etdiyi Kamikadze İDP-lər inkişaf edən texnologiya ilə birbaşa mütənasib olaraq daha ölümcüldür. Söhbət çox güman ki, peyk vasitəsilə idarə olunan, yüksək texnoloji, partlayıcı daşıma qabiliyyəti və faəliyyət radius baxımından çox yaxşı məlumatlara malik vasitələrdən gedir...
Kamikadze İDP-ləri əngəlləmək mümkünsüzdür?
Bütün bu hadisələr çox sadə bir sualı yenidən gündəmə gətirib... İndiki şəraitdə Kamikadze İDP-lərə qarşı çıxmaq mümkünsüzdür? Bu anda ağıla gələn ilk söz müdafiədir... Bir gəmi bu cür hücumlara qarşı özünü necə qoruya bilər? Asan yolu seçib sensorlar, silahlar və buna bənzər balanslardan danışmaq olar. Bununla belə, Kamikadze İDP hücumları dağıdıcı nəticələrinə görə daha geniş baxışa layiqdir. Kamikaze İDP və ya SİDP hücumlarına qarşı doktrina yaratmaq işin ən vacib hissəsidir. Burada əsas odur ki, donanmalar “özlərini necə müdafiə edəcəklərinə qərar verirlər”.

Bu cür hücumlara qarşı bəzi əsas şərtləri yerinə yetirmək lazımdır. Əvvəla, çox yaxşı müşahidələr aparmaq, situasiya şüurunu yüksək səviyyədə saxlamaq, təlim keçmiş kadrlara sahib olmaq və onları idarə etmək üçün kadr zehninə sahib olmaq reseptin başındadır.
Kamikadze İDP-lər sadəcə aşkar etməklə qarşı çıxa biləcəyiniz bir şey deyil. Siz onu aşkar etməli və eyni zamanda gözlərinizi ondan saxlamalısınız. Beləliklə, çox yaxşı bir izləmə sisteminiz olmalıdır. Tutaq ki, siz İDP-ni radar və ya optik avadanlıqla gördünüz. İş hələ bitməyib. Bu dəfə sözügedən hədəfi bir növ zərərsizləşdirməlisiniz ki, bu da özlüyündə bir işdir. Bəli, gəmilərin çox inkişaf etmiş müdafiə sistemləri var, lakin onların əksəriyyəti gəmilərə və ya böyük təhlükələrə qarşı hazırlanıb.
Adi döyüş sursatı ilə mübarizə aparmaq çox çətindir
Kamikadze İDP-lər və ya SİDP-lər çox aşağı radara görünmə sahəsinə malik olduqca sürətli və çevik platformalardır. Bu səbəbdən onların təqib oluna bilməsi sistemin, platformanın və personalın bacarığından asılıdır. Gördünüz, izlədiniz və indi atəş açacaqsınız... An etibarilə yeni probleminiz var. Tutaq ki, siz əlinizdəki 76 mm-lik topla insansız dəniz platformasına atəş açırsınız.
Gülləniz hədəfə çatana qədər İDP onu gördüyünüz yerdən bir neçə metr uzaqda olacaq. O zaman sizə qısa məsafələrdə çox sürətli hərəkət edən və yüksək atış sürətinə malik bir qabiliyyət lazımdır. Burada müxtəlif radarlar, qabaqcıl sensorlar və yığıla bilən sursatlardan istifadə kimi hərəkətlər işə düşür. Və siz hədəfinizdəki Kamikaze İDP-ni və ya SİDP-ni vurursunuz. Sizcə təhlükə bitdi?
Əsas problem sürü halında gələcək ünsürlərə qarşıdır
Platformanıza doğru gələn yalnız bir hədəf varsa və onu zərərsizləşdirmisinizsə, şanslısınız. Ancaq unutmayın ki, bu cür hücumlarda bugünkü hücumların ən mühüm mövzularından biri də sürü halında üzərinizə gələn insansız vasitələrdir. Daha aydın desək, yuxarıda sadaladığımız bütün hərəkətləri etsəniz belə, üzərinizə çoxlu sayda insansız platforma gələndə edə biləcəyiniz çox şey yoxdur. Sensorlarınız, vurucu ünsürləriniz və hətta personalınız hansını zərərsizləşdirməyin lazım olduğu mövzusunda qərarsız qalır və bu qərarsızlığın ciddi nəticələri olur.
Burada bir məqamı da unutmaq olmaz... Onlarla Kamikadze SİDP-ni əngəlləsəniz belə, onlardan biri aradan sıyrılıb özünü sizə çırparaq partlatdığında bütün o müdafiəniz boşa gedir və suda üzən bir dəmir yığınına çevrilirsiniz. Əldə edilən foto bizə Kamikadze İDP və ya SİDP-lərə qarşı durmağın çoxayaqlı masaya bənzədiyini göstərir. Gecə-gündüz işləyə bilən və 360 dərəcə darama edə bilən kameralar, güclü radarlar, qabaqcıl sensorlar, situasiya məlumatlılığı, ixtisaslı kadrlar, bacarıqlı komandirlər bu masanın ayaqlarıdır.
Türkiyə bu hücumlara tab gətirə bilərmi?
Göründüyü kimi, Kamikadze İDP və ya SİDP hücumlarına yüz faiz müqavimət göstərmək mümkün deyil. Bildirək ki, buna nail olduqlarını iddia edən ölkələr hələ sahə üzrə “imtahan verməyiblər”. Kamikadze İDP-lərin döyüş meydanına gətirdiyi yeniliklər burada gündəmə gəlsə də, nəzərdən qaçırılmaması lazım olan başqa bir məqam da Rusiyanın lazımi tədbirləri görə bilməməsidir.

Nəhayət, Türkiyənin bu cür hücumlara qarşı durma imkanından danışaq... Əvvəla, bilirik ki, Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) dünyada inkişaf edən bu cür yeni dinamikanı çox yaxından izləyir. Bundan əlavə, Türkiyənin yetişmiş kadrlar, ixtisaslı kadrlar və imkanlar/bacarıqlar baxımından çox yaxşı bir nöqtədə olduğu tez-tez vurğulanır.
Heç kimə sirr deyil ki, Ankaranın insansız hava və dəniz platformalarında çox güclü əli var. Türkiyənin gəmilərini havadan qorumaq son dərəcə qiymətlidir. Ancaq burada mötərizə açmaq lazımdır. Türkiyə yüksək inkişaf etmiş insansız dəniz platformaları üzərində işləyir. Bu platformalar çox güclü atəş qabiliyyətinə malikdir. Ancaq qərar verənlərin ilk növbədə insansız dəniz platformalarında aşkarlama/müşahidə/kəşfiyyat imkanlarına malik “patrul” funksiyasını yerinə yetirəcək SİDP-ləri tələb etməsi təsadüfi deyil.
Türkiyə SİDP-lərinin ən mühüm vəzifələrindən biri dənizdə partlayıcı maddələrlə yüklənmiş asimmetrik insansız sistemlərin qarşısını almaq olacaq. Lakin bütün bunlara baxmayaraq, Türkiyənin belə mümkün təhlükəyə yüz faiz hazır olduğunu söyləmək mümkün deyil.
Dəyanət Ağalarlı
Ordu.az